Qırğızıstan Respublikası, Mərkəzi Asiyada yerləşən, dənizlərə çıxışı olmayan türk dövlətidir. Qırğızıstan şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Tyan-Şan, Talas, Qırğız və Türküstan dağları ilə əhatə olunmuş bu ölkə, Cənubi Amerikadakı Titikakadan sonra dünyanın ən yüksək dağ göllərindən biri olan İsıq-Gölə sahibdir.
- Paytaxtı: Bişkek
- Əhalisi: 7 milyon
- Ərazisi: 199,900 km²
- Pul vahidi: Qırğızıstan somu
- Rəsmi dilləri: Qırğız dili, rus dili
Qırğızıstan ərazisinin təxminən 90%-i dağlarla örtülüdür və 4%-i meşələrdən ibarətdir. Dünyanın ən böyük yabanı qoz meşələrindən biri də məhz Qırğızıstandadır. Ölkə əlvan metallar, o cümlədən mis, molibden, dəmir filizi, qızıl, civə və qurğuşun yataqları ilə zəngindir. Dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları mövcuddur. Qırğızıstan iqtisadiyyat baxımından aqrar-sənaye ölkəsidir; əkin sahələri 1,4 milyon hektar təşkil edir. Buna baxmayaraq, hər il on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof və tərəvəz istehsal olunur. Qırğızıstan, həmçinin yun istehsalında dünyada üçüncü yerdədir.
Qırğızıstanın qədim tarixi “Manas” dastanında öz əksini tapıb. Qonaqpərvər və zəngin mədəniyyətə malik qırğızlar, ənənəvi içkiləri olan yaşıl çay və madyan südündən hazırlanan kumısı ilə tanınır. Milli bayram günlərində canavar dərisindən hazırlanan baş geyimlərini geyərək “yurta”larda dincəlməyə üstünlük verirlər.