Sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Buna görə də dişlərə vaxtında, daha doğrusu uşaq yaşlarından qulluq olunmalıdır. Bəs bu halda uşaqları dişlərinə qulluq etməyə necə alışdırmaq olar?
Dişlərə qulluq, ilk olaraq, onların təmiz saxlanılmasından başlayır. Kiçikyaşlı uşaqlar hər gün evdə valideynlərinin öz dişlərini necə fırçalamalarını görürlər. Bir çox hallarda uşaqlar da bunu təkrar etməyə meyilli olurlar. Amma təəssüflər olsun ki, bir çox valideyn uşaqların bu istəyinə qarşı çıxır və onlara “hələ tezdir, böyüyəndə sən də fırçalayarsan”- deyə cavab verirlər. Halbuki mütəxəssislər dişlərin təmizliyinə elə süd dişləri çıxdıqdan sonra başlanmalı olduğunu bildirirlər. Məlumdur ki, 1-2 yaşlı uşaqlar öz dişlərini təmizləyə bilməzlər, ancaq stomatoloqlara görə bu yaşlarda artıq analar öz övladlarının dişlərini silikon fırça ilə təmizləyə bilərlər. Hər gün səhər və axşam icra edilən bu prosedur uşaqları həm də öz dişlərini təmizləməyə alışdırır. Analar bu sağlam vərdişi mütəmadi olaraq həyata keçirməli, bu işdən bezməməli və yorulmamalıdırlar.
Bir müddət sonra uşaq öz dişlərini fırçalamağa maraq göstərirsə və bunu özü etmək istəyirsə, o zaman ananın nəzarəti altında bu işi görməsinə icazə vermək lazımdır. Əgər siz uşağınıza kiçik uşaqlar üçün nəzərdə tutulmuş diş fırçası və məcun alsanız, artıq o, bu hərəkətləri daha böyük həvəslə yerinə yetirəcək. Çünki o, düşünəcək ki, artıq onun da böyüklər kimi öz diş fırçası və məcunu var. Ata-anası kimi o da hər səhər və axşam dişlərini özü fırçalayır.
Stomatoloqlar uşaqlar üçün diş fırçaları alarkən yumşaq tüklü olmalarına diqqət yetirməli olduğumuzu bildirirlər. Eyni zamanda uşaqlar üçün maraqlı olsun deyə, istehsalçılar bu cür fırçaları müxtəlif heyvan fiqurları, nağıl və cizgi filmləri personajları ilə əlaqələndirirlər. Əgər siz də uşaqlarınıza öz sevdikləri qəhrəmanları xatırladan belə fırçalardan alsanız, 4-5 yaşlarından sonra onlar davamlı olaraq, həm də sevə-sevə bu işi gündəlik həyat tərzlərinə çevirəcəklər.
Diş məcunu seçərkən də diqqətli olmaq lazımdır. Yalnız dadlı, şirin dad hiss etdirən uşaq məcunlarından almaq lazımdır. Əgər uşağınız bu məcunlardan udarsa belə, həyəcanlanmağa dəyməz. Çünki onların tərkibində uşaq orqanizmi üçün zərərli olacaq heç bir maddə yoxdur.
Əziz valideynlər, unutmayın ki, uşaqlarınızın böyüyəndə sağlam dişlərə sahib olması bu gün sizin onlarla səbrli davranmağınızdan, valideynlik məsuliyyətinizdən, uşaqlara verdiyiniz motivasiyadan asılıdır. Uzun illər sonra uşaqlarınızın xoş təbəssümlə gülümsədiyinə şahidlik etməyiniz sizin ən böyük mükafatınız olacaqdır!
“Məktəbli” qəzeti
0 Şərh