Kitab oxumaq niyə vacibdir?
Yaxşı kitab əsl dost kimidir. Çünki kitablarla vaxt keçirdikdə özümüzü tək hiss etmirik. Onlar bizə həyatda ən yaxşı yolları göstərir. Kitab oxumağın çoxlu faydaları var. İlk olaraq kitab oxumaq bizim beynimizi inkişaf etdirir, hafizəmizi yeniləyir, yaddaşımızı gücləndirir.
Digər tərəfdən, yaxşı kitablar bizə həyatda yolumuzu düzgün seçməyə, doğru qərarlar verməyə kömək edir. Bununla yanaşı, kitab oxumaq söz ehtiyatımızı artırır, yazmaq bacarıqlarımızı təkmilləşdirir. Bu isə müasir həyatda hansı peşənin sahibi olursaq olaq, hər birimiz üçün çox vacibdir.
Kitablar haqqında tanınmış insanların çox gözəl fikirləri vardır. Məsələn, görkəmli Azərbaycan şairi Səməd Vurğun deyirdi: “Kitabsız bir ömrün nə mənası var.” Mirzə Ələkbər Sabir isə “Kitablar sənin ilk dostundur” deməklə kitabları, yuxarıda da qeyd etdiyimiz kimi dostlara bənzədirdi. Rus yazıcısı Maksim Qorkinin “Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım” və yaxud Vilyam Şekspirin “Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır” fikirləri bu gün də oxucular tərəfindən tez-tez xatırlanır.
Buna görə də kitab oxumaq, elm, fəzilət öyrənmək hər birinizin gündəlik həyat tərziniz olmalıdır, əziz şagirdlər. Sizin sevimli qəzetiniz də bütün bunları nəzərə alaraq hər sayında “Məktəbli kitabxanası” rubrikasını təqdim edəcək. Bu rubrikada sizə maraqlı, faydalı olacaq kitabları oxumağınızı tövsiyə edəcəyik. Eyni zamanda oxuduğunuz kitablar haqqında təəssüratlarınızı da qəzetimizin oxucuları ilə bölüşməyinizi istərdik.