HƏR AY BİR KİTAB
Yaxşı kitab əsl dost kimidir. Çünki kitablarla vaxt keçirdikdə özümüzü tək hiss etmirik. Onlar bizə həyatda ən yaxşı yolları göstərir. Kitab oxumağın çoxlu faydaları var. İlk olaraq kitab oxumaq bizim beynimizi inkişaf etdirir, hafizəmizi yeniləyir, yaddaşımızı gücləndirir. Digər tərəfdən, yaxşı kitablar bizə həyatda yolumuzu düzgün seçməyə, doğru qərarlar verməyə kömək edir. Bununla yanaşı, kitab oxumaq söz ehtiyatımızı artırır, yazmaq bacarıqlarımızı təkmilləşdirir. Bu isə müasir həyatda hansı peşənin sahibi olursaq olaq, hər birimiz üçün çox vacibdir.
Süleyman Sani Axundov – “Qaraca qız” hekayəsi
Müəllif bu hekayədə müxtəlif mühitlərdə böyüyən uşaqlara münasibətdən bəhs edərək, zəngin ailənin tərbiyə üsulu ilə Piri babanın kasıb daxmasında verilən tərbiyəni qarşılaşdırır. Hər şeylə təmin olunan Ağca uşaqlığı, sərbəstliyi əlindən alınan biridirsə, maddi ehtiyaclı Tutu isə nəcib insanların əhatəsində sağlam, cəsarətli böyüyən biridir. Tutu ilə Ağca arasındakı dostluq münasibətlərinin ülviliyiilə tanış olan oxucu anlayır ki, özlərinə inamlı insanlarla dostluq qurmaq olar.Müəllif hekayədə Qaraca qızı pis və xeyirxah insanlarla qarşılaşdırır, gah təhqirə məruz qoyur, gah da nəvazişlə əhatə edir. Təbii fəlakət nəticəsində valideynlərini itirən Tutu kobud Yusiflə bərabər, həm də xoşniyyət Yasəmənlə bir mühitdə, gah da təsadüfən düşdüyü yoxsul və zənginlər mühitində olur, faciələr yaşayır. Amma səmimi insanları görəndə hər şeyi unudur, özünü xoşbəxt hesab edir. 1966-cı ildə bu hekayə əsasında film çəkilib.